Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi yad edildi
Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Tərtər Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynovun anım günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi nümayiş olunub.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək, Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.
Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadisələrdən sonra 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi təyin olunub. 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin müvafiq əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun (813 saylı əlahiddə hərbi hissənin) komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Elman Hüseynov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Milli Qəhrəmanın döyüş yoldaşları Çingiz İbrahimov, İlham Mustafayev Milli Qəhrəmanla bağlı xatirələrini söyləyiblər. Milli Qəhramanın oğlu Emin Hüseynov atası ilə bağlı xatirələrini dilə gətirib və şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Bildirilib ki, Elman Hüseynovun xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq, Vətən daşı olan oğulların şücaəti cəbhə bölgəsində yaşayan gənclər üçün bir örnəkdir.