Tərtərli gənclər müddətli həqiqi hərbi xidmətə yola salındı
Yanvarın 9-da Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.
Çağırışçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış oldular.
Mərasim Mərkəzi meydanda davam etdirildi.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ziyalıların, veteranların, şəhid ailələrinin, hərbiçlərin, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev açdl. O, əsgəri xidmətə yola salınan gəncləri və onların valideynlərini təbrik edib, onlara xidmətdə uğurlar arzuladı.
.
Sonra Tərtər keçmiş özünümüdafiə batalyonunun qərərgah rəisi, ikinci qrup Qarabağ əlili Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, əsgər atası Rəsul Səfərov, çağırışçı gənc Nurəddin İbrahimzadə çıxış edərək öz ürək sözlərini bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov gəncləri salamlayaraq, onların valideynlərinə gözaydınlığı verdi. Ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
Mərasim rayon mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirildi.
Sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.