Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə AYAP-ın 2018-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib

28 dekabr 2018 | 16:00

BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə təşəbbüslə 28 dekabr 2018-ci il tarixində Tərtər rayonunda “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin 2018-ci il üçün yekunlarına həsr olunmuş tədbir keçirib.

Tədbirdə AYAP Məşvərət Şurası üzvlərinin sosial mövzular üzərində hazırladıqları forum teatrlar nümayiş etdirilmiş, ardınca isə forum teatrların mövzularına dair fikir mübadiləsi aparılmış və sonda məzunlara sertifikatlar təqdim olunmuşdur.

Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) 2019-cu il üçün fəaliyyət planı yerli İcra Hakimiyyəti nümayəndələri ilə birgə müzakirə olunmuşdur. Tədbirdə layihənin həyata keçirildiyi hər üç rayonun (Tərtər, Bərdə və Goranboy) rayon  İcra Hakimiyyəti nümayəndələri - Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva və Bərdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəqət Şadlinskaya, eyni zamanda BMT-nin Uşaq Fondunun (UNICEF) əməkdaşı Natiq Umarov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, layihənin həyata keçirildiyi rayonlar üzrə Gənclərin Məşvərət Şurası üzvləri, müəllimlər və valideynlər iştirak edib. Çıxışlar zamanı natiqlər və eləcə də AYAP-ın Məşvərət Şurasının üzvləri tərəfindən səsləndirilən yeni təklif və ideyalar layihənin növbəti il üçün nəzərdə tutulmuş proqramına daxil edilməsi nəzərə alınıb.

Qeyd edək ki, “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ilə BAMF-ın birgə əməkdaşlığı çərçivəsində 2011-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə maarifləndirmək, onlara yeni bilik və bacarıqlar aşılamaq, liderlik keyfiyyətlərini formalaşdırmaq və gənclərlə bağlı qərarların qəbul olunması prosesində onların iştirakını dəstəkləmək, öz potensiallarından düzgün və məqsədyönlü şəkildə regionun inkişafı üçün istifadə etmələrinə nail olmaqdır.

 

Keçidlər