Tərtərdə təmas xəttində şəhidlərin xatirəsinə abidə ucaldıldı
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndəlrindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir.
Qeyd olunub ki, Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Şəhidlərin adları əbədiləşdirilib. Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun və Ədalət Paşayevin, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun, İlqar Həsənovun adları küçələrə verilib.
Tədbirdə Tərtər batalyonunun keçmiş qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva da çıxış ediblər.
Abidənin tikilməsinin təşəbbüskarı və icraçısı şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ əlili Etibar Qasımov çıxış edərək şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.