“2013-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Tərtər rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
24 iyul 2013-cü il tarixdə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə rəhbərinin nitqi ilə əlaqədar cari ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə” Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilmişdir.
Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Hesabat yığıncağı rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Yığıncağı giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov açaraq qeyd etmişdir ki, cari ilin iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqindən bir daha məlum oldu ki, cari ilin birinci yarısı da ölkəmiz üçün çox uğurlu olmuşdur.
Sonra rayon icra hakimiyyətinin başçısı 2013-cü ilin I yarısında rayonumuzda görülən işlərdən ətaflı söhbət açmışdır. Belə ki, 2013-cü ilin birinci yarısında 2012-ci ilin müvafiq dövrünə nisbətən rayonumuzda ümumi məhsul buraxılışının həcmi 13,6 faiz, sənaye məhsulunun həcmi 3,7 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 20,8 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 30,9 faiz, nəqliyyat sektorunda yük daşınması 5 faiz, sərnişin daşınması 6,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 17,3 faiz, pərakəndə ticarət dövriyyəsi 11,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,5 faiz artmışdır. Rayonda 241-i daimi olmaqla 616 yeni iş yerləri açılmışdır. 2012-ci ilin müvafiq dövrünə nisbətən işsizliyin səviyyəsi 2,9 faiz azalmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda geniş vüsət almış tikinti-abadlıq və quruculuq işləri ötən 6 ayda da uğurla davam etdirilmişdir.
Hesabat yığıncağında Rayon Prokuroru Azər Hətəmov, Maliyyə idarəsinin rəisi Zahid Təhməzov, Suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov, rayon Təhsil şöbəsinin müdiri Aydın Qarayev çıxış etmişlər.
Sonra Qərar Layihəsi oxunmuş və rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov yığıncağın işini yekunlaşdırmışdır.