Tərtər rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından olan 300 nəfər fəal gənc iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olub, N saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
Toplantı Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Gənclər əvvəlcə Azərbaycanın Dövlət himnini oxuyub, Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan rayon rəhbəri Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikirlərini öyrənmək, gənclər və dövlət qurumları arasında açıq ünsiyyət qurmaq üçün Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinin gənclər təşkilatlarının sonrakı fəaliyyətinə çox böyük təkan verdiyini bildirib.
Zona toplantısında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının tariximizə, müstəqilliyimizə, zəngin dövlətçilik ənənələrimizə, milli-mədəni irsimizə olan hörmət və diqqətinin bariz nümunəsidir.
Nazir müavini bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb.
“Bu gün biz müstəqilliyimizin tarixi qədər yaşı olan yeni bir nəslin formalaşmasının şahidiyik. Azərbaycan gəncliyi ölkə daxilində bütün sahələrdə öz dəsti-xəttini, potensialını, bilik və bacarığını nümayiş etdirir. Eyni zamanda, dünya miqyasında müxtəlif mötəbər kürsülərdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan adının qürurla çəkilməsi üçün səylərini əsirgəmirlər”, - deyə İntiqam Babayev qeyd edib.
Toplantıda Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahat Mərkəzinin həkimi Lətafət Dadaşova çıxış edərək, ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu yüksək qiymətləndirib, Azərbaycan gənclərinin qazandıqları uğurlardan söhbət açıb, gəncləri daha fəal olmağa çağırıblar.
Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Sonra Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.
Sonda toplantı Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Tədbirdən sonra Forum iştirakçıları Tərtər-Şıxarx avtomobil yolunun kənarında 400 ədəd ağac əkiblər.