Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsov Tərtərdə
Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının İnzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirəsi keçirilib.
Tədbirdən öncə qonaqlar ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa-150” abidəsi ilə tanış olublar. Abidə ilə bağlı məlumat verən Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edildiyini bildirib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Bilik Fondunun dəstəyi ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Bilik Fondunun əməkdaşı Almaz Axundova, məktəblərdə rus dilini tədris edən müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq qonaqları salamlayıb, politoloqun Qarabağ həqiqətlərinin Rusiyada tanıdılmasında gördüyü işlərdən danışıb.
Sonda qonaq Qarabağ Regional Bilik Evi ilə tanış olub.