“Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adını daşıyan küçədə baralyefinin açılışı oldu
Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, “Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adı verilən küçədə əsaslı təmirdən sonra baralyefinin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ədalət Paşayevin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını vurğulayıb. Bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi, sonra Şərur rayonunun Günnüt kəndinin işğaldan azad edilməsi bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağa böyük qayıdışla başa çatacaqdır. Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır.
Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərində küçələrə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun, İlqar Həsənovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da adı verilmiş küçənin açılışı olacaq.
Tədbirdə Tərtər batalyonunun keçmiş qərərgah rəisi, şəhidin döyüş yoldaşı Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, şəhidin baçısı Məhəbbət Paşayeva, həyat yoldaşı Şura Əliyeva, şəhidin komandiri Eldəniz İbadov, şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nərminə Quluzadə çıxış edərək şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra şəhid Ədalət Paşayevin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzüblər.