“Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkli, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilmişdir
Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin, Qarabağ Regional Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər rayon “Gənclər Mərkəzi”-ndə “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkli, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Müşavirənin keçirilməsində əsas məqsəd region ərazisində ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələr ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur. Müşavirədə FHN Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılmış, bu planların həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər barədə ətraflı məlumat verilmiş, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə etmə, eləcə də yanğın, tikinti sektorunda texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi bir daha iştirakçıların nəzərinə çatdırılmışdır. Həmçinin tədbirdə avtomobil yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması, eləcə də mövsüm ərzində elektrik və qaz təchizatı onların istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan, bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanunsuzluqların profilaktikası istiqamətində müvafiq icra strukturları və dövlət təşkilatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsinin zəruriliyi qeyd edilmişdir.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də yerli icra və özünüidarəetmə orqanları, rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrinin nümayəndələri iştirak etmişlər.