Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda tədbir keçirilib

18 sentyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu barədə ətraflı məlumat verilib. XX əsrin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən danışılıb. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilib, müstəqil dövlətçilik atributları - bayraq, himn və gerb yaradılıb, ana dili dövlət dili elan edilib, pul və poçt markaları dövriyyəyə buraxılıb. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

Diqqətə çatdırılıb ki, 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin başa çatdıra bilmədiyi ideyaları 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikası gerçəkləşdirdi. Azərbaycan Respublikası hazırda Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.

Tədbirin sonunda “ARB Aran” studiyasının istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filimi nümayiş olunub.

Filim tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər