Tərtərdə “Musiqimiz – milli ruhumuz” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibəti ilə “Musiqimiz – milli ruhumuz” mövzusunda tədbir keçirilib.
Tədbiri Tərtər şəhər uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov açaraq, rayonun istedadlı gəncləri barədə məlumat verib.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin və onun parlaq nümayəndələrinin müstəqil Azərbaycanın qurulmasında böyük payı olub. Xalqımız və dövlətimiz bu gün də onları unutmur.
Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib.
ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç “Xalq Cümhuriyyəti İli” çərçivəsində ərsəyə gətirdikləri bədii və sənədli filmlər barədə danışıb.
Tədbir Tərtər şəhər uşaq musiqi məktəbinin hazırladığı musiqi proqramı ilə davam edib.