Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə pambıq yığımına hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

11 sentyabr 2018 | 16:00
Tərtər şəhərindəki Gənclər Mərkəzində pambıq yığımına hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icra vəziyyəti müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, mexanizatorların, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, bu il rayon ərazisində 3300 hektarda çiyid səpini həyata keçirilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər nəticəsində yaxşı bitiş alınıb. Tarlalarda kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işləri, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri vaxtlı-vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında defolyasiya işləri aparılır, məhsul yığımına hazırlıq görülür. Texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Tarlaların vəziyyəti bu il də məhsulun bol olacağından xəbər verir.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan nazir müavini pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident tərəfindən verilən tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaratdığını deyib. 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunan Seyfəddin Talıbov pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaq və 500 min ton məhsul istehsalına nail olmaqdır. Bunun üçün torpaq və sudan səmərəli istifadə edilməli, pambıq yararlı və su təminatı olan ərazilərdə becərilməli, növbəli əkin tətbiq edilməlidir.

Pambıqçılığın inkişafında əsas şərtlərdən birinin sertifikatlı, keyfiyyətli toxumla təminat olduğunu deyən nazir müavini Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ucar rayonunda pambıq, toxum və pambıq yağı emalı zavodlarının inşa edildiyini diqqətə çatdırıb.

Müşavirədə nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzularında çıxışlar ediblər.

Pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları pambıq tarlalarına baxış keçiriblər.

Keçidlər