Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə təhsil işçilərinin sentyabr konfransı keçirildi

05 sentyabr 2018 | 16:00

Əvvəlcə təhsil işçiləri mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.

Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. S.Mirzəyev “2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.

Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, bildirdi ki, rayon məktəbliləri 2017-2018-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Bu bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali (onlardan 191 nəfəri bu ilki, 33 nəfər isə əvvəlki illərin məzunlarıdır), 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplayıbdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 4 nəfəri şəhər 2 saylı, 2 nəfəri şəhər 1 saylı, 1 nəfəri şəhər 6 saylı, 1 nəfəri Bəyimsarov,  1 nəfəri Dəmirçilər, 1 nəfəri isə Seydimli kənd tam orta məktəbin məzunlarıdır.  Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (31 nəfər), şəhər 2 saylı (26 nəfər), Güləbatlı (10 nəfər), Qapanlı (8 nəfər), kənd tam orta məktəbləri fərqləniblər. 1 nəfər C.Naxçıvaniski adına  hərbi liseyə daxil olmuşdur.

S.Mirzəyev qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadəyə verilibdir. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu əsaslı təmir və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir olunubdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd  ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri aparılır, Təhsil Nazirliyi tərəfindən Buruc kənd tam orta məktəbində cari təmir işləri aparılır. Digər məktəblərdə də  daxili imkanlar hesabına təmir işləri aparılaraq, səliqə-sahman yaradılmış, yaşıllıqlar salınmış və məktəblər yeni dərs ilinə tam hazırlanmışdır.

Məruzə ətrafında Güləbatlı kənd tam orta məktəbinin müəllimi Vəfa Quliyeva, Dəmirçilər kənd tam orta məktəbin  məzunu, Qızıl medal mükafatçısı, Olimpiada qalibi  (659 bal) Kubra Bayramova, Şəhər 5 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva, şəhər 1 saylı tam orta məktəbin məzunu (687 bal) Laçın Əliyeva,  Sarıcalı kənd tam orta məktəbin gənc müəllimi Esmira Qəhrəmanova, Tərtər hazırlıq kursunun rəhbəri Elməddin Əsgərxanov  və Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış etdilər.

Tədbirdə iştirak edən Azərbaycan   Respublikasının  Təhsil  Nazirliyinin nümayəndəsi Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov çıxış edərək  təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.

Tədbirin sonunda bir qrup təhsil işçisinə, 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatı  Ağalar Vəliyev tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr və pul mükafatları verildi.
 

 

Keçidlər