Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Tərtər rayonuna səfər edib

28 avqust 2018 | 16:00

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində avqustun 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.

Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Rayonun əhalisi 103 min nəfərdir. Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tərtər rayonu ərazisində məskunlaşıb. 2017-ci ildə rayon ərazisində 1170 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi tikilərək istifadəyə verilib. Həmin yaşayış kompleksinə yol kənarlarında, təhsil müəssisələrində, uşaq bağçalarında, ictimai binalarda çətin vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb.

Müstəqim Məmmədov qeyd edib ki, rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Rayonda daha çox taxılçılıq, pambıqçılıq, çuğundur, günəbaxan istehsalı, bağçılıq və maldarlıq inkişaf edib. Rayonun əkinə yararlı 31 min 600 hektar torpağından yalnız 22 min 400 hektarı istifadə edilir. Torpaqların bir qisminin istifadə edilməməsinin səbəbi ermənilərin işğal altında saxladıqları Sərsəng su anbarından gələn suyun qarşısının suvarma dövründə kəsilməsi ilə bağlıdır. Bundan başqa Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri aqrar sahədə yüksək nəticələr əldə edirlər. Ötən il pambıq və çuğundur istehsalına görə Tərtər ölkə üzrə ən qabaqcıl rayon olub.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını ifadə edib. O 20 il əvvəl Azərbaycanda BMT-nin qaçqınlar üzrə ali komissarlığının əməkdaşı kimi fəaliyyət göstərdiyini bildirib: “Həmin dövrdə Azərbaycanın iqtisadi imkanları çox aşağı idi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fəaliyyətini daha çox məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və əsas ehtiyaclarının ödənilməsinə yönəldirdi. Ötən dövr ərzində Azərbaycanın iqtisadi imkanları möhkəmlənib. Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məcburi köçkünlərlə bağlı fəaliyyəti məhdudlaşıb”.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Məlumat verilib ki, yaşayış kompleksindəki mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.

Məcburi köçkünlərlə söhbət zamanı Quido Ambroso bildirib ki, səfərdə əsas məqsədi məcburi köçkünlərlə həmrəylik nümayiş etdirmək və münaqişəni tam həll olunana qədər dünya ictimaiyyətinin diqqətində saxlamaqdır. “Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə həyata keçirilən sülh danışıqlarının nəticə verəcəyini səbirsizliklə gözləyirik” – deyə Q.Ambroso bildirib.

Məcburi köçkün İlqar Qasımov bildirib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: “Bütün məcburi köçkünlərin ürəyi Qarabağla döyünür. Bura təmas xəttinə çox yaxın məsafədə yerləşir. Buradan işğal altında olan ərazilər – Qarabağ dağları çox aydın görünür. Doğma yurdumuz gözümüzün önündədir. Ancaq biz ora gedə bilmirik. Biz məcburi köçkünlər münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmasını, işğal altında olan torpaqlarımızın azad edilməsini gözləyirik”.

Qonaqlar Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində də olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Məlumat verilib ki, Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Tərtər rayonuna səfər çərçivəsində qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə də baş çəkiblər. Məlumat verilib ki,  Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərər çəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompüter, kənd təsərrüfatı, sahibkarlıq və sair peşələrinə yiyələnirlər.

 

Keçidlər