Kəbirli kəndində başçının səyyar qəbul-görüşü oldu
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının kəndlərdə səyyar qəbul-görüşləri davam edir. Növbəti görüş Kəbirli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd ağsaqqalı Zakir Bayramov qəbula gələnləri salamlayaraq bildirib ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su sarıdan korluğumuz yoxdur. Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi yenicə başa çatıb. Yolumuzun asfaltlanması gediş-gəlişimizi asanlaşdırıb. Bazara əkdiyimiz məhsulu vaxtında, itkisiz çatdırırıq. Qonşu kəndlərə rahat gedib-gəlirik. Bunun üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizddəki köhnə elektrik dirəkləri yenisi ilə əvəz olunsa, daha yaxşı olar.
Sonra kənd sakinləri Şəmşir Orucov kənddə yeni subartezian quyusunun qazılması, Yusif Məmmədov məktəb yolunun asfaltlanmasına ehtiyac olduğunu bildiriblər. Rəşad Orucov anasının əlil arabası ilə təmin olunması ilə bağlı müraciət edib.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.
Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri diləyib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.