Əskipara kəndində səyyar-qəbul görüş
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Əskipara kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səlim Babışov, Rəfail Hüseynov, Gülayə Şəmilova, Vəliyəddin Qasımov və başqaları əsasən elektrik təsərrüfatının yenidən qurulması, yeni subartezian quyusunun qazılması, suvarmada yaranan çətinliklər və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.