Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 25-ci ildönümünü ilə əlaqədar tədbir keçirilib

25 iyul 2018 | 16:00

Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 25-ci ildönümünü ilə əlaqədar rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Rayon təşkilatının yaranma tarixindən də danışan R.Şabanov qeyd edib ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsi, rayonda davamlı olaraq aparılan abadlıq, quruculuq işlərində sıralarında birləşdirdiyi 6292 nəfər partiya üzvlərinin fəallığı əsasında fəaliyyət göstərməkdədir.

Bu gün rayon təşkilatının üzvlərinin 3392 nəfərini qadınlar, 1421 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 219 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 94 nəfəri və ya 43 faizi gənclər, 116 nəfəri isə qadınlardır.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.

Tədbirdə digər çıxış edənlər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov, rayon Statistika İdarəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Məmmədov, Heydər Əliyev Mərkəzinin işçisi Əkbərli İradə, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov rayon təşkilatının 25 illik fəaliyyəti dövründə görülən işlərdən danışıb, YAP-ın sıralarında təmsil olunanların dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olacaqlarını bildiriblər.

Tədbirin sonunda YAP Tərtər rayon təşkilatının bir qrup fəal üzvü Fəxri Fərman və qiymətli hədiyələr ilə təltif edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.
 

 

Keçidlər