Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Tərtər rayonunda səfərdə olub

17 iyul 2018 | 16:00

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tərtər rayonuna səfər edib.

Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.

Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.

Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə becərmə işlərində çətinliklər yaranır. Hal-hazırda su tamamilə kəsilmişdir. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bütün bu çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri pambıqçılq, baramaçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.

Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.

Səfər çərçivəsində nümayəndələr rayonun inkişaf etmiş təsərrüfat subyektlərində, BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində eləcə də digər sosial infrasturukturlarda görüşlər keçiriblər.

Keçidlər