Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

14 iyul 2018 | 16:00

Tərtər rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.

2018-ci ilin birinci yarısında 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Tərtər şəhərinin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma işləri aparılıb, şəhər 6 nömrəli tam və Qazyan kənd ümumi orta məktəblərin binaları, Qaradağlı kənd tam orta məktəbində 5 sinif otağı əsaslı təmir olunub. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun yenidən qurulmasına, Xalça İstehsalı Emalatxanasının tikintisinə, Heydər Əliyev parkında əsaslı təmir işlərinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə 15 mindən çox müxtəlif növ ağac, 2,5 min gül kolu və 500 min ədəd həmişəyaşıl kollar əkilib. Hazırda Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələrinin və giriş bloklarının əsaslı təmiri və həyətlərinin asfaltlanması, 100 yerlik körpələr evi-uşaq bağçasının və Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Diqqətə çatdırılıb ki, ilin 6 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 95,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 16 milyon 911,9 min manat investisiya yönəldilib.  211-i daimi olmaqla, 2108 yeni iş yeri açılıb.

Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 34,2 milyon manat təşkil edib. Onun 62 faizi bitkiçilik, 38 faizi heyvandarlıq sahəsinin payına düşür.

Cari ilin məhsulu üçün 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 11 min 725,9 hektarda dənli və dənli paxlalı, 5 min 603,9 hektarda texniki, 1 min 514,6 hektarda kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarda yem bitkiləri əkilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Belə ki, bu il rayonda ötən illə müqayisədə 2,2 dəfə çox olmaqla, 10 min 228,3 kiloqram barama tədarük edilib. Pambıq əkinləri də 5,7 faiz artırılaraq 3300 hektara çatdırılıb. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı hazırda davam edir. Bu günədək 37 min 273,3 ton taxıl, 72,1 ton dən üçün qarğıdalı, 4 min 840,7 ton kartof, 6 min 790,8 ton tərəvəz, 1660 ton meyvə istehsal edilib.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.

Sonra məruzə ətrafında rayon polis şöbəsinin rəis müavini Əfqan Qurbanov, kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev, su-kanal idarəsinin rəisi Elnur Abbasov, elektirik şəbəkəsinin rəisi Zülfü Salahov, fermer Habil İbrahimov çıxış ediblər.

 

Keçidlər