Tərtər şəhərində şəhid İlqar Həsənovun adını daşıyan küçənin açılışı olub
Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, “İgidliyə görə” medalı ilə təltif edilmiş İlqar Həsənovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, “2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Həmin əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi işğaldan azad edildi. İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağa böyük qayıdışla başa çatacaqdır. Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır”.
Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan M. Məmmədov bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomibil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərində küçələrə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da adı verilmiş küçənin açılışı olacaq.
Tədbirdə Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Suliddin Yusibov, şəhidin anası Bağdagül Həsənova, rayon Cümə Məscidinin axundu Sadiq Cəfərov, qardaşı Ağalar Həsənov, Ələsgərli kənd tam orta məktəbin şagirdi Paşa Adıgözəlli çıxış edərək, şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçılarının alqış sədaları altında İlqar Həsənovun adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzüblər.