Tərtər Bölgə Təcrübə Stansiyasında ümumrespublika tarla müşavirəsi keçirilmişdir
13 iyun 2013-cü il tarixdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilmişdir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Elmi- Tədqiqat Əkinçilik institutunun əməkdaşları, Tərtər rayon İcra Hakimiyyətinin başçısı, ərazi kənd təsərrüfatı idarələrinin, regional aqrar elm mərkəzlərinin nümayəndələri, ətraf rayonların toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak etmişlər.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin aqrar elmə, xüsusən də taxılçılığın inkişafına verdiyi misilsiz töhfələrdən, eləcə də Prezident İlham Əliyevin aqrar sahəninin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, akademik Cəlal Əliyevin seleksiya işlərinə kompleks yanaşması nəticəsində Elmi Tədqiqat Əkinçilik İnstitutunda 100-dən çox taxıl sortları yaradılmışdır ki, onlardan 63-ü seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasının reyestrinə daxil edilmişdir.
Müşavirədə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev və Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai çıxış etmişlər.
Sonra müşavirə iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasında tətbiq edilmiş yeni sort və texnologiyalara baxış keçirmişlər.
Müşavirənin sonunda nazir, alimlər və fermerlər arasında fikir mübadiləsi aparılmışdır.