Əhalinin həssas qruplarına həsr olunmuş layihə çərçivəsində Tərtər rayonunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihə çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xuduyev, təşkilatın hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Paşayev çıxış edərək layihə haqqında ətraflı məlumat verib, layihənin hədəf qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eləcə də digər milli və beynəlxalq qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarının müdafiəsi sahəsinə görülmüş işlər barədə danışıblar.
Tədbirdə digər çıxış edənlər imtiyazlı vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışıb və layihənin icraçılarına uğurlar diləyiblər.
Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.