Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib

28 iyun 2018 | 16:00

İyunun 28-də Tərtər şəhərində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib.

150-dən çox istehsalçının iştirak etdiyi tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov konfrans iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb.

Konfransda Dövlət Xidmətinin rəisi və əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda çıxışlar edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. İştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin, Tərtər rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda seminar keçirilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

Keçidlər