Tərtərdə “Qadın haqları insan haqlarının tərkib hissəsidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Universitet Təhsilli Qadınlar” Cəmiyyəti İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Qadın haqları insan haqlarının tərkib hissəsidir (qadın hüquqları sahəsində maarifləndirmə)” adlı layihə çərçivəsində Tərtər şəhər 6 nömrəli tam orta məktəbdə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq, qonaqları salamlamış, sonra sözü ictimai birliyin sədri Tamam Cəfərovaya vermişdir.
T.Cəfərova çıxış edərək layihə haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, layihənin məqsədi kənd rayonlarında gənclərin (gənc qadınlar və kişilər) qadın hüquqları sahəsində maarifləndirilməsidir.
Tədbir iştirakçılara dünyada və Azərbaycanda qadınların vəziyyəti, insan haqlarının tərkib hissəsi olaraq qadın hüquqlarının mahiyyəti, qadın hüquqları sahəsində beynəlxalq qanunvericilik və milli qanunvericilik, Azərbaycanda qadın hüquqlarının qorunması təcrübəsi mövzularında məlumatlar verilmişdir.
Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilmiş,qarşılıqlı fikir mübadiləsi aparılmışdır.