Tərtərdə iftar süfrəsi açılıb
Hər il olduğu kimi, bu il də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub. İftarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi, din xadimləri, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İftar süfrəsi başında müqəddəs "Qurani-Kərim"dən ayələr səsləndirilib. Günün duası ilə möminlər öz oruclarını açıblar.
İftar mərasimində çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov milli mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir.
Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpasına, islami və milli-mənəvi dəyərlərin qorunmasına diqqət çəkən rayon rəhbəri Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayıb, müqəddəs dəyərlərimizin daim uca tutulması diləyi ilə müqəddəs Ramazan ayında duaların və niyyətlərin qəbul olunmasını arzulayıb.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.