Tərtərdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi
Rayonda məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yerləşən Şıxarx qəsəbə 2 saylı tam orta məktəbində Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Tədbirdə rayon polisi şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon mərkəzi xəstəxanasının psixoloq həkimi Rima Axundova çıxış edərək rayonda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat veriblər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğulayıblar.