Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 28 May-Respublika Günü münasibətilə tədbir keçirilmişdir

28 may 2013 | 15:00

27 may 2013-cü il tarixdə rayon Gənclər Mərkəzində 28 May-Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov açmış və Dövlət Himni səsləndirilmişdir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Ramiz Şabanov məruzə ilə çıxış etmiş, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci il 28 may tarixinin Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoyduğunu qeyd edərək, bu günün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günü olduğunu xüsusi vurğulamışdır. O, həmçinin, qeyd etmişdir ki, 1991-ci ilin oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşsa da ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr və vəzifə davası, dərin sosial-iqtisadi böhran, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurması-müstəqilliyimizin ilk illərində çətin vəziyyət yaratmışdı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından, milli azadlığımız və iqtisadiyyatımız uğrunda qətiyyətli, cəsarətli mübarizəyə başlamasından sonra həmin mənzərə dəyişdi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, demokrtatik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoymağa nail oldu. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır yaralardan xilas etdi, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, davamlı inkişafa yol açdı. Bu gün isə Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfi prinsiplərini mənimsəmiş siyasətin real işdən ibarət olduğunu öz fəaliyyətində sübuta yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin başladığı layihələri uğurla həyata keçirməklə, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.

Tədbirdə MTN-nin rayon şöbəsinin rəisi Raqub Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov, rayon Uşaq xəstəxanasının həkimi Afət Əliyeva, Umudlu kənd tam orta məktəbinin IX sinif şagirdi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə ümumrayon məktəblərinin şagirdləri arasında  keçirilmiş inşa yazı  müsabiqəsinin qalibi Nigar Zeynallı çıxış edərək 1918-ci ilin 28 May gününün şanlı tarixindən, Azərbaycanın keçdiyi çətin yollardan, ümummilli lider Heydər Əliyevin ölkəyə qayıdışı nəticəsində yenidən qurulan və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən, dünya miqyasında tanınan, öz nüfuzunu getdikcə artıran qüdrətli və müstəqil Azərbaycan dövlətindən böyük fəxarət və qürur hissi ilə bəhs etmişlər. 

Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Keçidlər