Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Açıq əyləncəli futbol məktəbi” layihəsində 170 uşaq və yeniyetmə iştirak edib

03 may 2018 | 16:00

Mayın 3-də Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində  təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 170 uşaq və yeniyetmə iştirak edib.

Layihə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Yaşayış məhəlləsindəki tam orta məktəbin idman zalında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, məcburi köçkünlərə, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Tərtərdə Olimpiya İdman Kompleksinin tikintisinə başlanması dövlətimizin cəbhə bölgəsinə, idmana olan diqqətinin daha bir bariz nümunəsidir.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır. “Açıq əyləncəli futbol məktəbi” layihəsinin əsas prinsipi təkcə istedadlı futbolçular hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, onlarda olan qabiliyyəti inkişaf etdirməkdir.

Diqqətə çatdırılıb ki, “Açıq əyləncəli futbol məktəbi” layihəsi Tərtər rayonunda təşkil edilən ikinci belə layihədir. Bu tədbirlərə ümumilikdə 320-dən artıq uşaq və yeniyetmə cəlb olunub.

Laçın rayon Qorçu kənd tam orta məktəbinin idman müəllimi Babək Orucov, Şıxarx 2 nömrəli tam orta məktəbin şagirdi Murad Budaqov və Laçın rayon Çaylı kənd tam orta məktəbin şagirdi Hikmət Əliyev məcburi köçkünlərə, yeniyetmə gənclərə göstəərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

 

Keçidlər