Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

02 may 2018 | 16:00

Mayın 2-də Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.

Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarında çalışan gənc YAP üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışaraq, bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini vurğuladı.

YAP rayon təşkilatı Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş məruzə ilə çıxış etdi.

Məruzədə qeyd olundu ki, Ulu Öndərin istər birinci, istərsə də ikinci dönəmlərdə ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olmuşdur. Hələ sovetlər dövründə gənclərin respublikadan kənar təhsili məsələləri daim diqqət mərkəzində saxlanılmış, Azərbaycanın gələcəyinə yönələn tədbirlərdən biri də ölkədə hərbi kadrların yetişdirilməsini təmin edəcək Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması olmuşdur. Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim vurğulayırdı. Bu gün gənclərimiz Ümummilli Lider, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə başçımız, YAP-ın Sədri möhtərəm İlham Əliyev cənablarının işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar.

Tədbirdə Bəyimsarov kənd ümumi orta məktəbinin müəlliməsi Gülnar Allahverdiyeva, Mərkəzi Rayon Xəstəxanası təcili yardım şöbəsinin feldşeri Fuad Xanlarov, rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Çinarə Əzizbəyli, Qazyan kənd ümumi orta məktəbinin müəlliməsi İlahə Kərimli və Heydər Əliyev Mərkəzinin işçisi İradə Əkbərli çıxış edərək, gənclərimizin Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirmələrindən, onların bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyə doğru addımlamasında ön cərgədə olmaqdan qürur hissi duyduqlarını qeyd etdilər.
 

 

Keçidlər