Evoğlu kəndində səyyar-qəbul görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Evoğlu kənd ağsaqqalı Eldəniz Əliyev çıxış edərək Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edərək, ürək sözlərini bildirib. Qeyd olunub ki, əhalinin işıq, qaz və içməli su problemi həll olunub. Kəndin baş yolu da təmir olunsa gediş-gəliş asanlaşar.
Sonra fermer Teyyub Qurbanov kənd təsərrüfatının inkişafında əldə olunan nailiyyətlərdən, rayonun pambıqçılıqda qazandığı uğurlardan danışaraq, kənd xəstəxanasının, Evoğlu kənd tam orta məktəbinin müəllimi Niğar Kərimova məktəbin əsaslı təmiri ilə, Təvəkkül Məhərrəmov kəndin telefonlaşdırılması ilə, Xəyal Abdullayev həyətyanı sahəsinə gedən yolun zəbti ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.