Dəmirçilər kəndində səyyar-qəbul görüş keçirilib
Dəmirçilər kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dəmirçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Dəmirçilər kənd ağsaqqalı Fazil Rəhimov çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirib. Qeyd olunub ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kəndimizin yolu abad, darvazamız asfalta açılır. Şəhərlə heç bir fərqimiz yoxdur. Bir xahişimiz var ki, kəndli torpaqla, əkin-biçinlə dolanır. Bizim kəndə imkan daxilində bir ədəd subartezian quyusunun vurulmasına köməklik edilsin.
Sonra Dəmirçilər kənd tam orta məktəbin müəllimi Ramidə Bəylərova məktəb üçün əlavə sinif otaqlarının, Rəhman Tahirov Ağkənd kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, Əjdər Həsənov su arxlarının lildən təmizlənməsi və digər məsələlərlə bağlı müraciət etdilər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.