Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

20 aprel 2018 | 16:00

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov, Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov, pedaqoji işçilər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər RİH nümayəndəsi Elvin Umudov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. E.Umudov vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir. Qeyd olunub ki, rayon ərazisində bu cür dini maarifləndirmə tədbirləri mütamadi olaraq keçirilir.

Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb.

Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.      

Keçidlər