“Əsgər papağı” tamaşası Tərtərdə
Bu günlərdə Şuşa Dövlət Musiqili Dram teatrı tərtərlilərin qonağı olub. Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş etdirilən “Əsgər papağı” tamaşası tamaşaçılara kövrək hislər yaşadıb. Aprel döyüşlərinin ikinci ildönümü münasibəti ilə Qarabağ müharibəsinə həsr olunmuş səhnə əsərini tamaşaçılar göz yaşları içində alqışlayıblar.
Əsərin müəllifi Enurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.
İki gün nümayiş etdirilən tamaşaya birinci gün rayon rəhbəri ilə birgə hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, ikinci gün isə rayon ərazisində xidmət edən əsgər və zabitlər baxıblar.
Tamaşadan sonra Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Şuşa Dövlət Musiqili Dram teatrının kollektivini qəbul edib. Əsərin müəllifi Elnurə Abdullayeva səmimi qəbula görə rayon rəhbərinə kollektiv adından öz minnətdarlığını bildirib.
Teatrın kollektivi sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.