Hüsənli kəndində səyyar-qəbul görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Hüsənli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Hüsənli kənd ağsaqqalı Yusif Ağayev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirib. Qeyd olunub ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kəndin baş yolu da təmir olunsa gediş-gəliş asanlaşar.
Sonra məktəbin direktoru Cümşüd Həsənov kənd məktəbinin təmiri, Elşən Məmmədov içməli su üçün bir ədəd subartezian quyusunun qazılması, Məhərrəm Heydərov pay torpağına gedən yolun məcburi köçkünlər tərəfindən zəbt olunması, Şöhlət Hüseynov işlə təmin olunması, Şəmsi Əhmədov isə əmlak payının zəbti ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.