Bir qrup xarici jurnalist Tərtər rayonuna səfər edib
Prezident seçkilərini müşahidə etmək məqsədi ilə Azərbaycana gəlmiş bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün aprelin 13-də Tərtər rayonuna səfər ediblər.
ABŞ-dan olan nümayəndələr Nurit Greenger (“The Jerusalem Post” qəzeti), Paul Loueri Kontreras (“Hill and Fox News Latino”), İtaliyadan olan nümayəndələr Lelio Stelletti (“Agenzia Nova” qəzeti) və Letisiya Domeniko (“Report Difesa” qəzeti) əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayon düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər arasında xəsarət alma və ölüm hallarına səbəb olur. Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir. Ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsilir ki, nəticədə əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bu çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri pambıqçılq, baramaçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nailiyyətlər əldə edirlər.
Rayon rəhbəri təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar.
Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.
Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və cənab prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. ABŞ-dan olan jurnalist Nurit Greenger məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə orta məktəb və musiqi məktəbində şagirdlər üçün yaradılan şəraitlə tanış olduqdan sonra ölkə başçısı tərfindən təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, etiraf edib ki, onun ölkəsində Azərbaycanda olduğu kimi təhsilə, mədəniyyətə bu cür qayğı göstərilmir.