Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində şəhid Nicat İsgəndərovun adını daşıyan küçənin açılışı olub

02 aprel 2018 | 16:00

Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu layiqincə cavab verdi. Düşmənin canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik işğaldan azad edildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Azərbaycan ordusu işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirdir, buna hazırdır.

Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan M. Məmmədov bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomibil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərində küçələrə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun və “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun adı verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və şəhid İlqar Həsənovun da adları verilmiş küçələrin açılışı olacaq.

Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin döyüş yoldaşı Nemət Haqverdiyev, müəllimi  Hümbət Əliyev, N saylı hərbi hissənin komandir müavini Anar Cavadov, Rayon Cümə Məscidinin axundu Sadiq Cəfərov, Tərtər özünümüdafiə batalyonunun sabiq qərərgah rəisi Pənah Məmmədov, Dövlət Sosoal Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin əməkdaşı Həcər Xeyri tədbirdə çıxış edərək, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçılarının alqış sədaları altında Nicat İsgəndərovun adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzüblər.

Tərtər rayon Mədəniyyət Mərkəzində şəhid Nicat İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən “Şəhidliyə aparan arzu” sənədli filminin təqdimatı olub. Filmdə Nicat İsgəndərovun həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar, həmçinin doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri yer alıb.

Filmin nümayişindən sonra rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya göstərilib.

 

Keçidlər