Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımının 100 illiyini yad etdilər

31 mart 2018 | 16:00

31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş umumrayon toplantısı keçirilmişdir. Əvvəlcə Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxmışlar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanat vermişdir. Həmin bəyanatda qeyd olunmuşdur ki, 1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 100 il keçir. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik və dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin və digər ibadət yerlərinin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil etmişdir.

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvələrindən İrandan və Osmanlı imperyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-1907 ci illərdə çar Rusyasında baş vermiş inqilabi hadisələrdən istifadə edən ermənilərin Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı qırğınlar törətməsi, 1915-1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələrinin Bakıda və qəzalarda misli görunməmiş soyqırımı həyata keçirməsi, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusu təmin edilməsi, 1948-53-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan yüz minlərlə azərbaycanlıların deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

Bakıda Mart soyqırımı planı Erməni Milli Komitəsi və Daşnak- sutyun partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. O vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qəti şovinist Stepan Şaumiyanın başçılıq etdiyi Bakı sovetinin sərancamında əksəriyyət ermənilərdən ibarət 20 min nəfərilik silahlı quvvə var idi. Bu dəhşətli soyqırımını törətməklə Stepan Şaumyanın və onun ətrafında birləşmiş Andranik, Mikoyan, Saakyan, Lalayan, Hamazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinə dək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək  ölkənin bütün ərazisinin boşaltmaq və həmin ərazilərdə tarixdə heç vaxt olmamış, “Böyük Ermənistan” dövləti yaratmaq.

XX əsrin  əvvələrindən başlayaraq ermənilər təkcə bu gün Ermənistan adlanan ərazini deyil, əski Bakı Quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngazurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğnlar, talalanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata kecirmişlər.

Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkaranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə insanı torpaqlarından didərgin salmışlar. Təkcə 1918-ci ilin mart hadisələri  zamanı Şamaxı qəzasının 86 kəndi yandırılıb, 7 minədək insan, o cumlədən 1653 nəfər qadın 965 nəfər uşaq gülələnib. Bakı quberniyasında 229, Gəncə Quberniyasında  272, Quba qəzasında 162, İrəvan quberniyasında 211, Qarabağın dağlıq hisəsində 157 kəndi, bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışlar. Zəngəzurda 115, Vedibasar mahalında 118. Zəngibasar mahalında 48 kənd, Şərurda 4 kənd  yandırılmışdır.

1988-ci ildə erməni millətciləri xarici havadarlarının təhriki ilə Dağlıq  Qarabağın guclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçdilər və az sonra hərbi əməliyyatlara başlayaraq 1988-ci ildə etnik təmizləməni başa çatdırdılar. 1992-ci ilin fevralında erməni cəlladları tərəfindən Qaradağlı və əsrin faciəsi olan Xocalı soyqırımı törədildi. Xocalı faciəsi insanlığa qarşı çevirilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktlarından biri kimi tarixdə qalacaqdır. İç dünyası ekstremizim separatizim  mənbəyi olan bu çirkin xislətli millət 1988-1993-cü illərdə Dağlıq Qarabağla birlikdə        7 rayonumuzu işğala məruz qoymuş, ərazimizin 20 faizini işğal etmiş,   1 milyondan çox insan öz yurdundan didərgin salınmış, 18 min azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox insan əsir və itgin düşmüş, 877 şəhər və kənd qarət edilmiş, 650 məktəb və uşaq baxcası, 250 xəstəxana və tibb müəsisəsi dağıdılmış, viran qoyulmuşdur. Erməni uldurları tərəfindən respublikamıza 60 milyard ABŞ dolları  dəyərində maddi ziyan vurulmuşdur. Bütün bunların nətricəsində təkcə 20-ci yüz illikdə 20 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə məruz qalmışdır.

Yalnız 1998-ci il martın 26-da ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə Martın 31-nin Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi qeyd olunması təsdiqlənmişdir.

Rayon rəhbəri qeyd etmişdir ki, tarix heç nəyi unutmur. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmişdir. Dövlət başçısının Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Milli Məclisi azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qaldığını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın az olduğunu nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatına, Parlamentlərarası İttifaqa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, başqa beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edərək bildirmişdir ki, erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması işini tezliklə başa çatdırsınlar. Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.

Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər özünümüdafiə bataliyonunun sabiq komandiri Pənah Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov çıxış etmişlər. Onlar Azərbaycanın bir qarış torpağının belə düşmənin işğalı altında qalmayacağına inandıqlarını, Azərbaycan xalqının soyqırım qurbanlarının xatirəsini unutmayacağını bildirmişlər.

Sonra Ələsgərli kənd tam orta məktəbin şagiridi Nərminə Cavadova   “Şəhidlər” şeirini səsləndiridi.

 

Keçidlər