Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə Novruz şənliyi

20 mart 2018 | 16:00

Martın 20-də Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 1170 məcburi köçkün ailəsi üçün Şıxarx qəsəbəsi ərazisində yeni inşa edilmiş yaşayış kompuleksində Novruz şənliyi keçirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məcburi köçkünləri Növruz bayramı münasibətilə təbrik edərək, dövlətimizin başçısının daim diqqət mərkəzində olan bu insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, heç bir şəraiti olmayan ictimai binalarda məskunlaşmış məcburi köçkünlər artıq ən müasir mənzillərlə təmin olunub. Novruz şənliyi keçirilən bu qəsəbə deyilənlərin bariz nümunəsidir. Qəsəbədə zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.

Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalı altında olan torpaqlarımızın tezliklə azad olunacağını,  növbəti Novruz tonqallarının işğaldan azad olunmuş dədə-baba torpaqlarında alovlanacağını bildirmişdir.

Sonra 2 saylı Şıxarx qəsəbə tam orta məktəbin direktoru Tofiq Hacıyev, Ağdərə şəhər İƏD üzrə nümayəndə Şura Əliyeva, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışaraq, qəsəbə sakinlərini Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Məcburi köçkünlər Novruz bayramı ərəfəsində onlara sevinc bəxş edən ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbir rayon Mədəniyyət Mərkəzinin və Uşaq-gənclər inkişaf mərkəzinin özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib.

 

Keçidlər