Hərbi hissədə Novruz şənliyi
Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxunub.
Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandirinin müavini mayor Seymur Abıyev sözü Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseyinzadəyə verdi. M.Hüseyinzadə hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırdı. Sonra Müdafiə Nairliyinin nümayəndəsi polkovnik Etibar Əliyev çıxış edərək əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etdi, öz ürək sözlərini bildirdi.
Təbriklərə qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdi, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb. Bu, bizdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına, Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük inam yaradıb.
Tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verildi.
Sonra rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.