Soyulan kəndində səyyar-qəbul görüş
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Soyulan kəndində keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Soyulan kənd tam orta məktəbin direktoru Akif Xəlilov çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışıb, soyulan kənd tam orta məktəbin əsaslı təmir olunması barədə müraciət edib.
Sonra körpələr evi-uşaq bağçasının müdiri Esmira Məmmədova bağçanın təmiri, Arzu Quluyev kəndə qaz çəkilməsi, Eldəniz Atayev sahibkarlıq fəaliyyəti göstərmək üçün torpaq sahəsinin ayrılması və digər məsələlər barədə müraciətlər ediblər.
Qəbulda sakinlərə bildirilib ki, respublika Prezidentinin 05 mart 2018-ci il tarixli Sərəncamı ilə onların kəndi ilə yanaşı təbi qaz olmayan rayonumuzun daha 7 kəndinə də yaxın günlərdə qaz çəkilişi işlərinə başlanılacaqdır. Bununla da rayonumuzun ərazisinin qazlaşması 100 %-ə çatacaqdır.
Məcburi köçkünlərin Şıxarx qəsəbəsi ərazisində yeni salınmış şəhərciyə köçürülməsi ilə əlaqədar olaraq onların əvvəl məskunlaşdıqları uşaq bağçalarının, o cümlədən İrəvanlı kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri, məktəb üçün yeni binanın tikilməsi üçün aidiyyəti mərkəzi orqanlara müraciətlər olunub.
Qaldırılan digər məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.