Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərli məktəbliləri Qəbələ-Şəki-Zaqatala bölgəsində maraqlı ekskursiya gözləyir

15 mart 2018 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Tərtər rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.

Martın 14-də Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ölkəmizdə gənc nəslin inkişafı üçün yaradılan şəraitdən, gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Respublikamızın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri, təbiəti, tarixi abidələri, adət-ənənələri, kulinariyası olduğunu qeyd edərək, tur-aksiya iştirakçılarına getdikləri yerlər haqqında geniş məlumatlar əldə etməyi, səfərlərini xoş və mənalı keçməyi tövsiyə edib. 

Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Martın 15-də Tərtər şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, “yaxşı yol” arzulayıblar.

Yolasalma mərasimində bildirilib ki, məktəbliləri 4 gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar Şəki şəhərində Dövlət Tarix-Memarlıq Qoruğu, Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi, sənətkarlar məhəlləsi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaqlar. Tur çərçivəsində məktəblilər Zaqatalada Tarix-Mədəniyyət Qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, findiq emali zavoduna, Qəbələdə isə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, “Qəbələnd” istirahət mərkəzinə, “Beltmann” piano zavoduna, “Tufandağ” Xizəkçilik Kompleksinə və Qəbələ Konserv Zavoduna səfər edəcəklər. Həmçinin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, Yengicə kəndindəki “Zoopark”a, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Səfər çərçivəsində intellektual oyunlar, musiqili-əyləncəli proqramlar da təşkil olunacaq.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.

 

Keçidlər