Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqərvənd kəndində səyyar-qəbul görüş keçirilib

09 mart 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüş Hacıqərvənd kəndində keçirilib.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı İbrahim Məmmədov çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışıb qeyd edib ki, rahat yaşayırıq, qaz, işıq, içməli su problemimiz yoxdur. Kənd sakinlərinin bir xahişi var, o da kəndarası yollara asfalt salınması ilə bağlıdır.

Sakinlərdən Ağdərə rayonundan məcburi köçkün Dilarə Mirzəyeva mənzil şəraitinin ağır olduğu üçün Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə evlə təmin olunmasını, İdris İsmayılov əkin sahələrinin suvarılması üçün daha 1 ədəd subartezian quyusunun qazılmasını, Rəhman Rəhimov kəndarası yolların və kənd qəbiristanlığının abadlaşdırılmasına kömək göstərilməsini xahiş etmişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər