Tərtərdə N saylı hərbi hissənin yaradılmasının 26 illiyi qeyd edilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər ərazisində yerləşən N saylı hərbi hissəsinin yaranmasının 26-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.
Hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan hərbi hissə 1992-ci il martın 3-də yaradılıb. Hərbi hissə yaradıldığı ilk günlərdən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib, verilən döyüş tapşırıqlarını vaxtında yerinə yetirərək, Ağdam, Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə naziri Zakir Həsənovun təbrik məktubunu hərbi hissənin şəxsi heyətinə oxuyub. Bildirib ki, hərbi hissə yarandığı vaxtdan uğurlu döyüş əməliyyatları keçirib. Hazırda Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan Ağcakənd, Şıxarx, Qızıloba və digər ərazilər bu həbi hissənin apardığı uğurlu əməliyyatların nəticəsində düşməndən azad edilib. Hərbi hissə hazırda da Vətənimizin müdafiəsində şərəflə iştirak edir. Hərbi hissənin şəxsi heyəti qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəxsi heyəti hərbi hissənin yaradılmasının 26-cı ildönümü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində qəhrəmancasına dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır. Hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı istənilən vaxt qaytarmaq əzmində olduğunu bir daha nümayiş etdirdi.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara ordumuzun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb.
Hərbi Hissənin komandiri polkovnik-leytenant Teymur Məmmədov və Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, ehtiyatda olan mayor Pənah Məmmədov çıxışında hərbi hissənin keçdiyi döyüş yolundan bəhs edib, hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda hər an Ali Baş komandanın əmrinə azad olduğunu bildiriblər.
Tədbirdə polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Qəhrəman Tərtərin müdafiəsində” kitabının təqdimatı olub. Tərtər rayonu haqqında ətraflı məlumatların, rayonun müasir inkişafının, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərinin, ordu quruculuğu, tərtərlilərin Vətənimizin müdafiəsində fədakar mübarizəsini əks etdirən kitab Qarabağ müharibəsi veteranlarına, 2016-cı ilin aprel döyüşlərində fərqlənən hərbi qulluqçulara və digər iştirakçılara təqdim edilib.
Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında bədii proqramla davam edib.