Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir

19 fevral 2018 | 16:00

Fevralın 12-dən etibarən ölkəmizdə həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsindən Tərtər rayonunda bu günə kimi 5276 nəfər sakin yararlanıb.

Rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir.

Müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Müayinə edilən sakinlərdən 443 nəfəri ambulator, 5 nəfəri stasionar müalicəyə cəlb edilib. Ümumilikdə tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı 58 min 614 nəfərin keçməsi nəzərdə tutulub.

Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi tibbi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır. Tibbi müayinədən keçən rayon sakinləri müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edib, əhalinin sağlamlığına yönələn bu xeyirxah aksiyanın keçirilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər