Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr–Zəfər Günü münasibəti ilə Tərtərdə Şəhidlər Abidə Kompleksinin qarşısında bayram tədbiri keçirilib

08 noyabr 2023 | 12:57

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqqallar şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilid və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Sonra Rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məslisin deputatı Sahib Alıyev tərtərliləri–onların timsalında bütün Azərbaycan xalqını şanlı Zəfər Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik ediblər.

Qeyd olunub ki, 8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur.

Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib.

Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.

44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.

Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi.

Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxslər və polislərin ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi.

Hazırda, erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlikbərpa olundu.

8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də tərtərlilər böyük dözüm və dəyanət nümayiş etdirdilər. Ön cəbhədə olduğu kimi arxa cəbhədə də mülki insanlar  şəhid oldu, yaşayış məntəqələrimiz atəşə tutuldu, ancaq  düşmənə bir qarış da torpaq verilmədi. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı  şəhərlərindən biridir!”

Tərtərlilər bu gün böyük qürur hissi ilə Zəfər Bayramını qetd edirlər. Yenilməz sərkərdə, Ali Baş  Komandan İlham Əliyevlə böyük qürrur duyurlar. Çünki o ata vəsiyyətini yerinə yetirib, verdiyi bütün vədlərə əməl edib.

Zəfər Günümüz mübarək olsun!

Keçidlər