8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin şəhidi Surxayzadə Cahangirin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Hüseynov Elxan, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov və kollektivi ilə birlikdə Qaynaq kəndində Vətən Müharibəsinin şəhidi Surxayzadə Cahangir Hətəm oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində dəfn olunub.
Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






