8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Quluzadə Elminin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elxan Hüseynov və Tərtər Regional Qaz İstismarı idarəsinin Tərtər xidmət sahəsi üzrə rəis müavini Bilal Musayev və idarənin əməkdaşları Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Elmin Quluzadə könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib.. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda” və “Cəsur döyüşçü ”medalı ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






