Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidi Qəhrəmanlı Yaqubun ailəsi ziyarət edilib

30 oktyabr 2025 | 10:19

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir. Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin-direktorun müalicə işləri üzrə müavini-baş həkimi Bəkir Nağıyev, İnzibati məsələlər üzrə direktor müavini Mahir İbrahimov və kollektivin nümayəndələri ilə birlikdə Tərtər şəhəri, Mahir Əsədov küçəsində yaşayan Vətən müharibəsi şəhidi Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Onlar  şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.

Ziyarətçilər xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını, onların xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, Yaqub Qəhrəmanlı 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb. Uzun müddət komada qalan Yaqub 29 may 2021-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Yaqub Qəhrəmanlı  44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub, onun bizə oğlu yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər