8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Mirzəli Rəşadın ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev , Dövlət Sosial Müdafiə Fondunun Regionlarla İş üzrə Mərkəzi Filialının Tərtər rayon qəbul şöbəsinin baş mütəxəssisi Balay Bəndəliyev ilə birlikdə Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Rəşad Mirzəli hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






