8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə bağlı şəhid Əhmədzadə Məftunun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Aslanov Niyaməddin və əməkdaşı Qurbanzadə Yusif Evoğlu kəndində şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 1996-ci il Fevral ayının 2-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət etmişdir. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlamışdır. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilmişdir.
Qeyd edək ki, Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






